İnfluenza (qrip) virusu - soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında bu xəstəliklə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir.
Anidən başlayan yüksək hərarət (38°С-39°С), baş ağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər.
İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu vacib şərtlərdəndir.
Pediatr-neonatoloq Dr. Tazibə Mirzəliyeva qripin yayılmasının qarşısını almaq və uşaqları qorumaq üçün atıla biləcək addımlar haqqında valideynlərə müraciət edir:
“Əziz valideynlər, bilməlisiniz ki, qripin başlanğıcında inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yalnış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olduğu qayda ilə qəbul edilə bilər.
Uşaqlarda immunitetin yaranması üçün peyvəndlərin olunması, xüsusilə, epidemiya dönəmində çox önəmlidir.
Nəzərə almalıyıq ki, xəstəlik dövründə uşaqlarda iştahsızlıq olur. Valideynlərə tövsiyə edirik ki, bu barədə bir qədər səbrli olsunlar. Əsas məqsəd maye və mineral balansı təmin etməkdir.
Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan yüksək temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.”