Çox nadir və mürəkkəb əməliyyat həyata keçirilib

Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində icra olunub. 48 yaşlı qadın xəstənin böyrəküstü vəzindəki törəmə qapalı yol ilə xaric edilib. Bu barədə əməliyyatı icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN məlumat verib.

Pasiyent çox ciddi endokrinoloji problemlərlə RMDM-ə müraciət edib. Araşdırmalar zamanı müəyyən edilib ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var. Pasiyentin əvvəllər qarın boşluğunda müxtəlif açıq əməliyyatlar keçirilməsinə baxmayaraq, yenidən əməliyyatın laparoskopik yolla aparılmasına qərar verilib. Texniki cəhətdən çox mürəkkəb olsa da, əməliyyat uğurla başa çatdırılıb. Hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir.

Qeyd edək ki, RMDM-in “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində urologiya və nefrologiyanın bütün sahələri üzrə peşəkar xidmət göstərilir. Eyni zamanda Mərkəzdə aparılan mürəkkəb və unikal əməliyyatlar barədə məlumatlar beynəlxalq media və elmi nəşrlərdə də yayımlanmışdır.