RMDM daha bir ailəyə övlad sevinci bəxş edib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) peşəkar həkimləri daha bir ailəyə övlad sevinci bəxş ediblər. Yaxın qohum nikahında olan qadın illərdir müalicə alsa da, effekti olmayıb, 3 düşük baş verib. Bu barədə RMDM-in ginekoloq-endokrinoloqu Pərvin NƏBİYEVA məlumat verib: “Adəti düşük 3 və daha artıq düşük baş verdiyi halda hesab olunur. Adətən, 22 həftəyə qədər ola bilir. Əsas faktorlar genetik, anatomik, endokrin, immunoloji və s.-dir. Bu pasiyentimiz səkkiz il ailəli olan, son iki ildə sonsuzluq və depressiyadan şikayətlənən 28 yaşlı qadın idi. Bizə müraciət etdiyi zaman tərəfimizdən lazımi müayinələr aparıb, düzgün müalicə taktikasını seçib müsbət nəticəyə nail olduq: daha bir ailəyə övlad sevinci yaşatdıq!”

RMDM-in neonatoloq-pediatrı Arzu HƏSƏNOVA bildirib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə azçəkili (950 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində onun həyatda qalması təmin olunub, zəruri müayinələr (“Topuq testi”, ROP adlandırılan vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb, çəkisi normal səviyyəyə çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb.