Azərbaycan dövlətinin səhiyyəyə diqqəti uğurları artırır

2017-ci il dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Səhiyyə Nazirliyinin dəstəyilə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM), Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunub.

Konfransın sədri, Milli Məclisin deputatı Rəşad MAHMUDOV Azərbaycan dövləti tərəfindən son illər səhiyyəyə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib. O qeyd edib ki, vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlər əhalinin yaşam keyfiyyətinin artırılmasına ciddi təsir göstərib. Həmçinin səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib.

Sonra konfransda məruzələr dinlənilib. “Endovaskulyar intervensiyalar və invaziv radiologiyada innovasiyalar” mövzusunda RMDM-in İntervensional radiologiya  və şüa diaqnostikası şöbəsinin müdiri, Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, Prof. Dr. Əhməd MƏMİŞ, “Ürək cərrahiyyəsində minimal invaziv və hibrid prosedurlar” mövzusunda millət vəkili, Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad MAHMUDOV, “Minimal invaziv ağciyər cərrahiyyəsi” mövzusunda RMDM-in Döş qəfəsi cərrahı Dr. Elmar MƏMMƏDOV, “Neyrocərrahiyyədə innovativ metodların tətbiqi – klinik təcrübəmiz” mövzusunda RMDM-in neyrocərrahı Dr. Azər ƏKBƏROV, “Müasir təbabətdə ECMONUN tətbiqi” mövzusunda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı Dr. Cabir GÜLMALIYEV çıxış ediblər.

Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdiyi tədbir təqdimatlar ətrafında müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən elmi-praktik konfransların təşkilində məqsəd tibb ictimaiyyətini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.