15 uşaq gələcəkdə sonsuzluq riskindən cərrahi əməliyyatla qurtulub

 

Əməliyyatlar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində icra olunub. Bir gündə 15 kriptorxizmli uşaq üzərində orxipeksiya əməliyyatını icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN bu barədə məlumat verib: “Əməliyyat etdiyimiz hər bir uşaq diqqətli şəkildə araşdırıldıqdan sonra əməliyyata götürüldü. Bəzi uşaqlarda əvvəl keçirdikləri uğursuz əməliyyat nəticəsində problem təkrarlanmışdı. Təbii ki, təkrar əməliyyatlar daha mürəkkəb idi. Bütün bunlara baxmayaraq, heç bir xəstədə problem qeydə alınmadı. Xəstələr eyni gündə və ya ertəsi gün evə buraxıldı.”

Qeyd edək ki, kriptorxizm uşaqlarda çox geniş yayılmış xəstəlikdir. Kriptorxizmli uşaqlar bir yaşa qədər əməliyyat olunmalıdırlar ki, gələcəkdə sonsuzluq problemi yaşamasınlar.