RMDM 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirak edib

2017-ci il sentyabrın 28-30-da “Bakı Ekspo Mərkəzi”ndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 23-cü Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2017”) keçirilib. Tədbirə 100-dən artıq iştirakçı, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər qatılıb.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, payız aylarında Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi artıq ənənəyə çevrilib.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, belə sərgilərin keçirilməsi xarici və yerli şirkətlərin qarşılıqlı əməkdaşlığına müsbət təsir edir.

Azərbaycanda səfərdə olan Belarusun səhiyyə naziri Valeriy Malaşko isə deyib ki, Belarus mütəxəssislərinin Azərbaycanla yüksək tibbi məlumatların bölüşülməsi, birgə əməliyyatların icra olunması, həkimlərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi sahəsində ildən-ilə yüksəliş nəzərə çarpır.

Daha sonra sərgi iştirakçıları stendlərlə tanış olub.

Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində ənənəvi olaraq iştirak edən Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) göstərilən tibbi xidmətlər və yeni nailiyyətlərlə bağlı məlumat verib. RMDM-in tibb mütəxəssisləri tərəfindən 200-ə yaxın sərgi ziyarətçisinə pulsuz “check-up” müayinəsi təqdim edilib. Müayinə sayəsində cəmi 7 dəqiqəyə 29 (aclıq) və 25 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndərilib. Bu meyarlara sistolik təzyiq, diastolik təzyiq, nəbz təzyiqi, nəbz, ortalama arterial təzyiq, aritmiya, ümumi xolesterin (TC), "Yaxşı" xolesterin (HDL), "Pis" xolesterin (LDL), Triqliserid, VLDL, TC/HDL Nisbəti, Non-HDL, LDL/HDL Nisbəti, 10 illik Ürək Qan-Damar Xəstəlikləri Riski, Aclıq Qan Şəkəri, Toxluq Qan Şəkəri, Bədən Çəkisi, Tövsiyə edilən İdeal Bədən Çəkisi, Bədən Kütlə İndeksi, Bədən Yağının Faizi, Yağsız Bədən Çəkisi, Yağsız Bədən Çəkisinin Faizi, Bədən Səthinin Sahəsi, Ümumi Bədən Suyu (Litr ilə), Ümumi Bədən Suyunun Faizi, Bazal Maddələr Mübadiləsinin Sürəti və hərarətin müəyyən edilməsi daxil olub.

Sərgidə həmçinin RMDM-i təmsil edən tibb heyəti müayinədən keçənlərə tövsiyə və məsləhətlərini çatdırıb. Təqdim edilən “check-up” müayinəsi və xidmətlər barədə məlumatlar sərgi ziyarətçilərində böyük maraq doğurub.