29 sentyabr Ümumdünya Ürək Günüdür

29 sentyabr bütün dünyada Ümumdünya Ürək Günü kimi qeyd edilir. Son illər Azərbaycanda dövlətin qayğısı və diqqəti nəticəsində ürək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və açıq ürək əməliyyatlarının icrası sahəsində çox böyük uğurlara nail olunub. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzinin invaziv kardioloqu Şahin Xəlilov qeyd edir ki, hazırda ölkədə açıq və qapalı ürək cərrahiyyəsi, müxtəlif tipli ürək əməliyyatları, o cümlədən, yenidoğulmuşlar üzərində yerli mütəxəssislər tərəfindən icra edilir. Səhiyyə ocaqlarında ürək cərrahiyyəsində istifadə edilən ən müasir avadanlıqlar istismara verilib.

Bu gün ölkəmizdə hətta ən ağır əməliyyatları icra edən, tibbi və kadr baxımından tam təmin olunmuş, yüksək standartlara cavab verən kifayət qədər tibb müəssisəmiz var.

Azərbaycanda ürək cərrahiyyəsinin inkişafının bariz nümunəsi kimi ölkə başçısı tərəfindən ilk dəfə olaraq, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzinin açılışını qeyd etmək olar.

Ölkəmizdə Bakı Ürək Mərkəzi kimi tibb müəssisəsinin fəaliyyət göstərməsi Azərbaycan səhiyyəsinin növbəti uğurudur. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda ürək xəstəliklərinin vaxtında aşkarlanmasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır.