RMDM son illər cərrahiyyədə bir sıra uğurlara nail olub

2017-ci il sentyabrın 22-də Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzində "Azərbaycan cərrahiyyəsində son illərin əldə olunan nailiyyətləri" mövzusunda geniş tərkibli brifinq keçirilib. Brifinqdə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov və Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev də iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova bildirib ki, RMDM-in beynəlxalq təcrübəyə malik mütəxəssisləri klinikamızın unikal imkanlarından istifadə etməklə ən qısa müddətdə ən dəqiq diaqnostika və keyfiyyətli müalicəni təmin edirlər. Ən yeni tibbi texnologiya, beynəlxalq tələblərə uyğun olaraq layihələşdirilmiş və ən son nəsil cərrahi avadanlıqlarla təchiz olunmuş Cərrahiyyə şöbəsi son illər müasir cərrahiyyədə bir sıra uğurlara nail olub.

“Endoskopik qida borusu cərrahiyyəsi” mövzusuna diqqət çəkilərək məlumat verilib ki, Özofagus (Qida borusu) əməliyyatları günümüzdə cərrahiyyənin ən həcmli və mürəkkəb, eyni zamanda riskli əməliyyatlarındandır. Qida borusunun plastikası əməliyyatı həm qarın boşluğu, həm də döş qəfəsi açılmaqla icra olunur və ağırlaşmaların əsas səbəbi məhz bu əməliyyatın çox travmatik olması ilə əlaqədardır. Bu əməliyyatlardan sonra baş verə biləcək ağırlaşmaların qarşısını almaq məqsədilə son 10 ildə dünyanın aparıcı cərrahiyyə mərkəzlərində Yemək borusunun plastikası əməliyyatlarının Endoskopik (Laparoskopik-Torakoskopik) üsulla icrası inkişaf etdirildi və bu mürəkkəb əməliyyat kəsik aparılmadan kiçik dəliklərdən endoskopik alətlər vasitəsilə tətbiq olunmağa başladı. Laparoskopik Cərrahiyyənin ən çətin əməliyyatlarından hesab olunan Laparoskopik-Torakoskopik Yemək borusu Plastikası əməliyyatı 2013-cü ildən etibarən Azərbaycanda da icra olunmağa başlayıb, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ümumi cərrah-uzmanı və döş qəfəsi cərrahı-uzmanı tərəfindən iki komanda şəklində həyata keçirilir və əldə olunan nəticələr dünyadakı az sayda olan digər mərkəzlərlə eynidir.

RMDM-in ümumi cərrah-uzmanı İlqar İsmayılov “Ümumi cərrahiyyədə RMDM-in nailiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, müasir cərrahiyyədə əməliyyatların mümkün qədər az travmatik olmaları üçün Laparoskopiyanın imkanları getdikcə artır, bunun nəticəsidir ki, əvvəllər ölümcül fəsadlarla bilinən bir çox əməliyyatlar hazırda Laparoskopik üsulla çox uğurla icra olunur və ən qısa zamanda xəstələr normal həyatlarına qayıdırlar. Mərkəzimizda həyata keçirilən bütün növ Laparoskopik əməliyyatların standartlara uyğun aparılması və müasir avadanlığın tətbiqi təmin edilmişdir. Müxtəlif növ qarın yırtıqları, öd kisəsi, mədə və bağırsaq əməliyyatlarının minimal travmayla kəsiksiz Laparoskopik üsulla icra olunması xəstələrin bu arzuolunmaz əməliyyat dönəmlərini çox rahat keçirmələrini təmin edir.

Müasir cərrahiyyənin nailiyyətlərinin Mərkəzimizdə geniş tətbiqi nəticəsində fəaliyyət göstərən Döş Qəfəsi Cərrahiyyəsində icra olunan əksər əməliyyatlar Torakoskopik aparılır.

RMDM-in Döş qəfəsi cərrahı-uzmanı Elmar Məmmədov “Videotorakoskopik əməliyyatlar” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, müasir döş qəfəsi cərrahiyyəsində demək olar ki, hər əməliyyatın torakoskopik yolla icrası mümkündür. Bu əməliyyatlara həm divararalığı, həm də ağciyərin öz əməliyyatları daxildir. Torakoskopik əməliyyat sonrası xəstənin reabilitasiya dövrünün daha qısa olması, əməliyyat sonrası ağrının çox az olması, estetik baxımdan iz qalmaması səciyyəvidir.

Brifinqdə həmçinin vurğulanıb ki, RMDM-in cərrahlarının icra etdiyi əməliyyatlar beynəlxalq səviyyədə də tanınır. Fransada yerləşən, Laparoskopik təlim mərkəzi olan IRCAD hər il 400 mindən çox cərraha WeBSurg virtual universitet vasitəsilə Laparoskopik cərrahi təhsil almağa imkan verir. Bu tədris prosesində beynəlxalq standartlara uyğun olan əməliyyat videoları istifadə olunur.

Postsovet məkanından ilk olaraq, azərbaycanlı cərrah, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi ümumi cərrah-uzmanı İlqar İsmayılovun icra etdiyi Laparoskopik bağırsaq əməliyyatı IRCAD-ın təhsil proqramına daxil edilib və WeBSurg-də bu əməliyyatın videosu yayımlanıb. Bu da Azərbaycan səhiyyəsinin son illərdə inkişafının növbəti göstəricisidir.

Sonda jurnalistlərin sualları əsasında müzakirələr olub. Brifinq “AzTV”, “ATV”, “İctimai TV”, “Lider TV”, “Xəzər TV”, “APA TV”, “ARB TV”, “Bölgə TV” və portallar vasitəsilə işıqlandırılıb.