“28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib

2017-ci il iyulun 26-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM), Binəqədi Rayon İcra Hakimiyyəti, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə RMDM-də “28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Ayla İbrahimova tədbirin vacibliyini vurğulayaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq 2010-cu ildə WHA63.18 saylı qərarla 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edib.

Tədbir seminarla davam edib. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-qastroenteroloq-hepatoloqu, Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü Cəmil Kamilli hepatit virusları, əlamətləri, yoluxma yolları, diaqnostikası, müalicəsi və profilaktik tədbirlər haqqında məlumat verib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev keçirilən tədbirin önəmindən danışaraq, belə maarifləndirici tədbirlərin davamlı keçirilməsini, gənclərin aktiv olmasını qeyd ediblər.

Tədbirdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin əməkdaşları, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavinləri, bələdiyyə üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin üzvləri və Asan könüllüləri iştirak ediblər.

Qeyd edək ki, tədbirdən əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan gənclərin pulsuz müayinəsi həyata keçirilib.