“Hamiləlik və gözlər” mövzusunda seminar keçirilib

2017-ci il iyulun 18-də Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Gələcək Nəsil” valideynlər klubunun birgə təşkilatçılığı ilə “Hamiləlik və gözlər” mövzusunda seminar keçirilib. Seminar “Gələcək Nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə RMDM-in həkim-oftalmoloqu Eloğlu Məmmədov tərəfindən təqdim edilib.

Eloğlu Məmmədov seminarda hamiləlik dövründə göz müayinəsinin vacibliyindən bəhs edib. Bildirib ki, hamiləlik zamanı bədəndə böyük hormonal dəyişikliklər baş verdiyindən görmə qabiliyyətində müəyyən dəyişiklik yarana bilər. Xüsusilə təbii doğuş planlaşdıran xanımlar göz müayinəsinə daha məsuliyyətli yanaşmalıdırlar. Mövzu ilə bağlı maraqlı və informativ videoçarxlar nümayiş etdirilib.

Seminarda həmçinin “kompüter görmə sindromu”, “quru göz sindromu” simptomları və risk faktorları, göz sağlamlığını qoruma üsulları barədə məlumat verilib, hamilələrə tövsiyələr diqqətə çatdırılıb.