Bakı Ürək Mərkəzində jurnalistlər üçün brifinq keçirilib

2017-ci il iyulun 18-də Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzində ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunan nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.

Tədbirdə millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini, Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, t.ü.e.d. Rəşad Mahmudov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Ürək çatışmazlığı şöbəsinin böyük elmi işçisi, professor Tofiq CahangirovAkademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin cərrahı, professor Fuad Abdullayev məruzələr edib.

Tədbirdə bildirilib ki, ürək-damar xəstəlikləri bütün dünyada əlillik və ölüm hallarına görə birinci yerdədir. Ölkəmizdə də qeydə alınan ölüm hallarının 57,8 faizi ürək-damar xəstəlikləri və qan dövranı sistemlərinin pozulması ilə bağlıdır.

Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı Rəşad Mahmudov öz çıxışında qeyd edib ki, bu gün ölkəmizdə hətta ən ağır əməliyyatları icra edən, tibbi və kadr baxımından tam təmin olunmuş, yüksək standartlara cavab verən kifayət qədər tibb müəssisəmiz var.

Ölkəmizdə Bakı Ürək Mərkəzi kimi tibb müəssisəsinin fəaliyyət göstərməsi Azərbaycan səhiyyəsinin növbəti uğurudur. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda ürək xəstəliklərinin vaxtında aşkarlanmasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır.

Bildirilib ki, “Bakı Ürək Mərkəzi”ndə həm böyüklərdə, həm də uşaqlarda ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyi ilə müayinə və müalicə, eləcə də invaziv-kardioloji və açıq cərrahiyə əməliyyatları həyata keçirilir.

Cərrahiyə əməliyyatından sonra xəstələrin müalicəsi davam etdirilir, onlar kardioreabilitasiya dövründə hərtərəfli tibbi xidmətlə əhatə olunurlar. 4 reabilitasiyanın – Nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın aparılmasının eyni mərkəzdə cəmləşməsi də RMDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətdir.

Mərkəzin poliklinikası da Azərbaycanda səhiyyə islahatlarının yüksək səviyyədə reallaşdırılmasına dəlalət edir. “Bakı Ürək Mərkəzi”ndə xəstələrin qəbulu və müalicəsini yüksək ixtisaslı həkim-mütəxəssislər aparırlar. Bu tibb müəssisəsinin həkim-kardioloqları əhaliyə ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi, ürək-damar xəstəlikləri üzrə risk amillərinin aradan qaldırılması və profilaktikasında, uzunmüddətli müşahidə aparılmasında və hərtərəfli müalicəsində yardımçı olurlar.

Bütün bu göstəriciləri özündə birləşdirən Respublika Müalicəvi Diaqnostika Mərkəzi Amerika Birləşmiş Ştatlarının qızıl sertifikatına - JCI (Joint Commission International) layiq görülüb, mərkəzi laboratoriyası isə beynəlxalq ISO sertifikatını alıb.

Brifinqdə kütləvi informasiya vasitələrinin nümayəndələrinə RMDM tərəfindən hazırlanmış və ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrasını əks etdirən sənədli filmlər nümayiş edilib.

Brifinqdən sonra Bakı Ürək Mərkəzinə media-tur olub. Jurnalistlər Mərkəzin “Fizioterapiya və reabilitasiya”, “Stasionar” və “Poliklinika” şöbələri ilə tanış olub, həmçinin müayinə və müalicəsi aparılan pasiyentlərin fikirlərini dinləyiblər.

Jurnalistlərə “22 iyul – Milli Mətbuat və Jurnalistika Günü” münasibəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzində beynəlxalq təcrübəli və xaricdə ixtisaslaşmış peşəkar həkim-kardioloqlar, radioloqlar və daxili xəstəliklər üzrə həkim-mütəxəssislərimiz tərəfindən müayinə olunmaq imkanı verən kardioloji və terapevtik “check-up” kuponu təqdim edilib.