“Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçirilib

2017-ci il iyunun 20-də “Gələcək Nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə “Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçirilib. Seminar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov tərəfindən təqdim edilib.

Elxan Rəsulov seminarda hamiləlik zamanı genetik müayinələr, yenidoğulmuşlarda anadangəlmə inkişaf qüsurlarının genetik səbəbləri, irsi xəstəlikli uşaqların doğulma riskinin aradan qaldırılması yolları, qohum nikahları səbəbindən yaranan irsi xəstəliklər, RMDM tərəfindən tətbiq edilən ”Topuq testi” adlanan skrininq barədə məlumat verib. Bildirilib ki, yenidoğulmuşlarda Topuq skrininqi metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün çox vacibdir. Bu test ilə fenilketonuriya və anadangəlmə hipotireoz təyin edilir. Topuq skrininqi körpə dünyaya gəldikdən sonra ilk 7 gün ərzində həyata keçirilməlidir. Erkən müalicə başlanılmazsa, zehni problemlər, fiziki-psixi inkişafdan geri qalma, katarakta kimi xəstəliklərə gətirib çıxara bilər.

Sonda iştirakçıları maraqlandıran suallarla bağlı müzakirələr aparılıb və hamilələrə tövsiyələr verilib.