Embolizasiya – qan damarlarının blokadası

Embolizasiya mikrosferaların (nano hissəciklər) – sferik formalı polimer hissəciklərin köməyi ilə qan damarının mənfəzinin məqsədli şəkildə tıxanmasıdır. Əməliyyatın məqsədi müəyyən nahiyələrin qan təchizatının dayandırılmasıdır. Bu prosedur qanaxmalar, məsələn, avtoqəzalar və ya daxilə nüfuz edən travmalar zamanı effektlidir. Həmçinin, bu üsul xoşxassəli (məsələn, fibroz şiş, uşaqlıq mioması zamanı uşaqlıq arteriyasının embolizasiyası) və bədxassəli şişlərin müalicəsində şişin çıxarılmasından əvvəl onun ölçülərinin kiçildilməsi məqsədilə də tətbiq oluna bilər. Prosedur boş kateterlərdən xüsusi maddənin yeridilməsi ilə başlanır. Qan təchizatı dayandırılır və beləliklə, şiş “aclıq” vəziyyətinə düşür və ölçüləri kiçilir. 

Uşaqlıq miomasının (uşaqlığın xoşxassəli törəməsi) müalicəsi məqsədilə uşaqlıq arteriyalarının embolizasiyası müasir, minimal invaziv (qeyri-cərrahi) orqansaxlayıcı prosedurdur. Uşaqlıq arteriyalarının embolizasiyası (uşaqlıq miomasının embolizasiyası da adlanır) zamanı həkim uşaqlığın qan təchizatını tamamilə, şişin qan təchizatını isə qismən təmin edən uşaqlıq arteriyasına qan təchizatını dayandırmağa xidmət edəcək kiçik hissəciklərin yeridilməsi üçün nazik elastik borucuqdan (kateter) istifadə edir. Embolik vasitələr olan hissəciklər miomanı qanla təchiz edən xırda damarların blokadası (tıxanması) üçün kateterdən yeridilir, nəticədə şiş toxumasının atrofiyası baş verir.

Qaraciyərin inoperabel şişləri zamanı embolizasiya effektlidir. Rentgen cərrahi əməliyyatın gedişində preparatlar bilavasitə qaraciyər arteriyasına yeridilir.

Cərrahi müdaxilə kəsik aparılmadan – dəri üzərində xüsusi alətin vasitəsilə angioqrafiya yolu ilə 1-4 mm diametrli dəlik açılması ilə həyata keçirilir. Müdaxilə yerli anesteziya şəraitində aparılır və əksər hallarda xəstələr əməliyyatdan 1-3 gün sonra stasionardan evə yazıla bilir.