Mərkəzi və periferik damarların intervension stentləşdirilməsi

İntervension radiologiya periferik və mərkəzi damar patologiyaları, mədə-bağırsaq qanaxmaları, ağır çanaq travmaları, ağciyər, böyrək və sidik kisəsinin uzun sürən ağır dərəcəli şişləri zamanı damar kateterizasiyası məqsədilə müvəffəqiyyətlə istifadə olunur.

 Yuxu arteriyasının stenozundan əziyyət çəkən, əvvəllər cərrahi yolla müalicə olunmuş xəstələrin getdikcə artan sayında angioplastik stentləşdirmə əməliyyatları icra olunmaqdadır. Stent mənfəzi olmayan damara yeridilir. Stent damarın divarına pərçim olur, sonra damar daxilində genişlənərək mənfəz yaradır – qan axması üçün damarı “açır”. Qan cərəyanı fasiləsiz olaraq bərpa olunur, xəstə isə yaşamağa davam edir.

Yuxu arteriyasının stentləşdirilməsi adı çəkilən damarın daralmaları zamanı onun mənfəzinə karkas rolunu oynayan silindrşəkilli nazik naqil konstruksiyanın – stentin yerləşdirilməsindən ibarət olan prosedurdur. Stent adətən qabaqcadan genişləndirilmiş arteriyaya daxil edilir. Bundan əlavə, bədənin istənilən nahiyəsində aorta anevrizmasının genişlənməsi stent-qraft adlandırılan xüsusi stentin vasitəsilə müalicə edilə bilər. Bu növ stentlər damarların qan cərəyanına mane olmadan anevrizmada qan cərəyanının dayandırılmasına imkan verir. Qeyd etmək lazımdır ki, stent-qraft cərrahi müdaxilə olmadan, kateter vasitəsilə yeridilir.

Stentləşdirmə proseduru bud arteriyasına kateter yeridilməklə, yerli anesteziya şəraitində, kompyuterin monitorunda bütün orqanizmin qan təchizatını real zaman şəraitində görməyə imkan verən yod tərkibli kontrast maddənin istifadəsi ilə icra olunur.

İkinci mərhələdə, patologiyanın xarakterindən asılı olaraq, daralmış damarın mənfəzinin genişləndirilməsi və qan cərəyanının bərpası məqsədilə ballon (prosedurun aparılması üçün müvəqqəti olaraq) və ya stent (permanent) yerləşdirilir.

Stentləşdirmədən sonra xəstə müşahidə edilmək və dincəlmək üçün bir neçə saat stasionarda qalır və bir qayda olaraq, növbəti gün evə yazılır.

Koronaroqrafiyadan sonra icra olunan koronar angioplastika üsulu böyük populyarlıq qazanmışdır.

Tac arteriyaların angioplastikası və intrakoronar stentin yerləşdirilməsi aterosklerotik  proses və ləkələrlə zədələnmiş ürək arteriyalarının kateter üsulu ilə genişləndirilməsi əməliyyatıdır. Əməliyyat yerli anesteziya şəraitində, xüsusi təchiz olunmuş əməliyyat otağında rentgenoloji nəzarət altında icra olunur. Bud arteriyasından aortaya introdyuser yeridilir. Onun vasitəsilə tac arteriyaya nazik metal ötürücü yerləşdirilir. Bu ötürücüdən daralma yerinə ballon kateteri daxil edilir və ballon yüksək təzyiq altında şişirdilir. Nəticədə arteriyanın mənfəzi genişlənir və tam qan cərəyanı bərpa olunur. Əksər hallarda ballon angioplastikası intrakoronar stentin – xüsusi növ paslanmayan polad və ya tantaldan hazırlanmış perforasiyalı metal borucuğun yerləşdirilməsi ilə tamamlanır. Əməliyyat başa çatdıqdan sonra bud arteriyasının punksiya nöqtəsinə sıxıcı sarğı qoyulur. Xəstə əməliyyatdan sonra 24 saat ərzində yataq rejiminə riayət etməlidir.

Translüminal koronar ballon angioplastikasına göstərişlər

Koronar angioplastikaya zərurət olub-olmadığını həkim-invaziv kardioloq (və ya ürək-damar cərrahı) koronaroangioqrafiyanın nəticələrini tədqiq etdikdən sonra müəyyən edir.

Ümumi göstəriş: tac arteriyanın 75% və daha artıq tutulması.

Translüminal koronar ballon angioplastikasının aparılması üçün zəruri müayinələrin siyahısı:

  1. Koronaroangioqrafiyanın nəticələri;
  2. Həkim-invaziv kardioloq və ya ürək-damar cərrahının çıxarışı

 

Xəstələrin əksəriyyətində angioplastika tac arteriyalarında qan cərəyanını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. O, aortokoronar şuntlamaya olan ehtiyacı xeyli azaldır. Qeyd etməyə dəyər ki, angioplastika özlüyündə işemik xəstəliyin səbəbini aradan qaldırmır. Nəticədə xəstədə təkrarən xəstəlik əlamətləri meydana çıxa bilər. Ona görə də, hər şeydən öncə pəhrizə diqqət yetirilməli, siqaret tərgidilməli və stress azaldılmalıdır.

Bizim klinikamızda Azərbaycanda ilk dəfə xəstəyə bio-həllolan stent qoyulmuşdur ki, sonuncu da öz funksiyasını yerinə yetirdikdən və tac damarını genişləndirdikdən sonra həll olur. Belə stentin yox olma prosesi yeridildikdən 6 ay sonra başlanır və növbəti 2 il ərzində davam edə bilər. Bu üsul bir çox üstünlüklərə malikdir. Bir çox kardiologiya və kardiocərrahiyyə mütəxəssislərinin rəyinə görə, miokardın normal qan dövranını təmin edən təbii (xəstənin özünün) tac arteriyasından daha ideal və təbii heç nə yoxdur. Biohəllolan stent xəstəni trombların formalaşması riskindən və onların qarşısını alan müalicənin aparılması zərurətindən azad edir.

Bundan əlavə, belə prosedurun və tac arteriyalarda daha bir cərrahi əməliyyatın icrasına zərurət yarandıqda, cərrahlar əvvəllər xəstəyə yeridilmiş stent kimi yad cisimlə qarşılaşmaq məcburiyyətində qalmırlar.