Endovaskulyar müdaxilələr

Endovaskulyar müdaxilələr yerli anesteziya şəraitində damar punksiyası (bir qayda olaraq, bud və ya yuxarı ətraf arteriyaları punksiya olunur) vasitəsilə həyata keçirilir. Punksiya etdikdən sonra damara ötürücü yerləşdirilir ki, bunun vasitəsilə də damar məcrasına kateterlər və damar divarında müalicəvi tədbirlərin aparılmasına imkan verən digər cihazlar daxil edilir. Daha çox tətbiq edilənlərə aiddir:

Ballon dilatasiyası (ballon angioplastikası) daralmış damarın mənfəzinin daxildən, xüsusi üfürülə bilən ballon vasitəsilə genişləndirilməsi. Ballon dilatasiyası yalnız müəyyən damar hövzələrində (məsələn, qalça arteriyaları) uğurlu nəticələr verir. Təəssüf ki, ballon angioplastikasının effekti uzunmüddətli deyil. 

Stentləşdirmə daralmış və ya tıxanmış damar mənfəzinə damarı genişləndirən və onun içərisindən qan axınını bərpa edən silindrik prujinin (stent) yerləşdirilməsindən ibarətdir. Stentləşdirmə aterosklerozun nisbətən geniş yayılmış cərrahi müalicə üsullarındandır, belə ki, damarın kiçik həcmli punksiyası vasitəsilə icra olunur və xəstə tərəfindən rahat keçirilir. Lakin, bu müalicə üsulu yalnız arteriyaların lokal və uzunmüddətli olmayan zədələnmələri zamanı effektli olur, ona görə də heç də bütün xəstələrə tətbiq oluna bilməz.

Endoprotezləşdirmə arteriya mənfəzinə sintetik materialdan hazırlanmış, çevrəsində karkas olaraq özüaçılan prujin olan borunun yerləşdirilməsidir. Endoprotezləşdirmə ən çox damar anevrizmalarının, məsələn, aortanın qarın şöbəsinin anevrizmasının müalicəsində tətbiq olunur.

Embolizasiya damardan keçən qan cərəyanının dayandırılması üçün buraya müxtəlif materialların (embollar) yerləşdirilməsidir. Embolizasiya damar və qeyri-damar mənşəli müxtəlif xəstəliklərin, məsələn, uşaqlıq şişlərinin, qanaxmaların müxtəlif növlərinin, varikoselenin, eləcə də damar malformasiyalarının (arterio-venoz fistula, anevrizmalar və s.) müalicəsində tətbiq edilir.

Endovaskulyar müdaxilələrin bir növünə misal olaraq baş beyin damarlarının anevrizması zamanı aparılan və daha sonra müalicə ilə müşayiət olunan serebral angioqrafiya qeyd edilə bilər. Serebral angioqrafiya metodu baş beyin damarının daralma və ya tıxanma nöqtəsinin vizualizasiyasına, patoloji genişlənmələrin – anevrizmaların (bunlar qəflətən cırıla və beyindaxili qanaxmaya səbəb ola bildiyinə görə təhlükəli hesab edilirlər) və beyin şişlərinin aşkar edilməsinə imkan verir.

Serebral angioqrafiyanın icra metodikası digər angioqrafiya üsulları ilə oxşardır. Bu üsulun özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, bud arteriyasından daxil edilmiş kateter yuxu arteriyasına doğru yeridilir. Daha sonra, damar mənfəzinə kontrast maddə yeridildikdən sonra seriyaşəkilli rentgen rəsmlər çəkilir. Kontrast maddə bütün toxumalardan keçdikdən sonra baş beynin venoz sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün təkrar rentgen şəkillər seriyası çəkilir. Anevrizma aşkar edilərsə, buraya xüsusi metal “plomba qoyulur, sonralar onun ətrafında birləşdirici toxuma əmələ gəlir ki, bu da öz növbəsində anevrizmanın qapanmasına səbəb olur.