Koronaroqrafiya

Bu, ürək damarlarının kateter üsulu ilə (angioqraf Philips Allura FX20) həyata keçirilən rentgen-kontrast müayinəsindən ibarətdir. Hazırkı müayinə yerli anesteziya altında, rentgenoloji nəzarət şəraitində, xüsusi təchiz olunmuş cərrahiyyə otağında və yüksək ixtisaslı cərrah və tibb bacıları briqadası tərəfindən aparılır.

Bud arteriyasına introdyuser yeridilir. Bunun içərisindən aortaya tac arteriyasının birləşmə nöqtəsinədək olmaqla diaqnostik kateter yeridilir, tac arteriyalara bir neçə dəfə yod tərkibli rentgen-kontrast maddələr yeridilir, seriyaşəkilli koronaroangioqramlar çəkilir ki, bu da düzgün diaqnoz qoymağa imkan verir. Cihazın avtomatik şəkildə idarə olunması həkimin diqqətini əksər zamanlarda yerli narkoz altında olan xəstəyə maksimal dərəcədə yönəltməsi imkanı yaradır. Bud arteriyasının inyeksiyası nahiyəsində sıxıcı sarğı qoyulur. Əməliyyatdan sonra 24 saat ərzində xəstə yataq rejimində olmalıdır.

Koronaroangioqrafiyaya göstərişlər:

  1. Klinik və qeyri-invaziv müayinələrin nəticələrinə görə yüksək fəsadlaşma riskinə malik olan ÜİX (ürəyin işemik xəstəliyi) xəstələri, eləcə də, simptomsuz keçən ÜİX;
  2. Stenokardiyanın medikamentoz müalicəsinin effektsiz olması;
  3. Erkən postinfarkt stenokardiya;
  4. Anamnezində miokard infarktı olan xəstədə yaranan, medikamentoz müalicəyə tabe olmayan qeyri-stabil stenokardiya;
  5. Əmək qabiliyyətli yaşda olan xəstədə keçirilmiş miokard infarktı;
  6. Planlaşdırılan açıq ürək əməliyyatı (qapaq protezləşdirməsi, ürəyin anadangəlmə qüsurlarının korreksiyası və s.).

Xəstənin angioqrafiyaya göndərilməsi üçün zəruri müayinələrin siyahısı:

  1. EKQ
  2. Yükləmə sınağı (tredmil testi və ya EKQ-yə sutkalıq nəzarətin nəticələri)
  3. Exo-KQ
  4. Son 2 ildə xəstəlik tarixindən çıxarış (varsa).