Angioqrafiya

Damarların angioqrafiyası nədir?

Rentgen-kontrast angioqrafiya (və ya sadəcə angioqrafiya) rentgen şüaları və damarlardan axan qanın rənglənməsinə səbəb olan xüsusi rentgen-kontrast maddələrin (kontrastlar) istifadəsi ilə damar xəstəliklərinin diaqnostikası üsuludur. 

Angioqrafiya nə üçün aparılır?

Angioqrafiya damar daralmaları, tıxanmaları və patoloji genəlmələrinin (anevrizmalar) dəqiq yerləşmə yerini, eləcə də onlarda trombların olub-olmadığını və yayılma dərəcəsini müəyyən etməyə imkan verir. Qeyd etmək lazımdır ki, orqanizmin bütün nahiyələrində (baş beyin, boyun, yuxarı və aşağı ətraflar, döş qəfəsi, ürək, qarın boşluğu) və aortadan tutmuş ən kiçik damarlar olan kapillyarlaradək istənilən ölçüdə damarda bu üsulu tətbiq etmək mümkündür. Nəticələri əsasən ultrasəs avadanlığının keyfiyyəti və müayinəni aparan mütəxəssisin biliklərindən asılı olan dupleks skanerləşdirmədən fərqli olaraq, angioqrafiya damar patologiyasının həcmi və ağırlıq dərəcəsi haqda tam obyektiv məlumat almağa imkan verir. 

Aşağıdakı xəstəlik və vəziyyətlərdə həkim arteriya və ya venaların angioqrafiyasının aparılmasını tövsiyə edə bilər: 

  • Aşağı ətrafların obliterəedici aterosklerozu və ya endarteriiti;
  • Aorta qövsü şaxələrinin (yuxu, onurğa və körpücükaltı arteriyaların, adsız arteriya kötüyünün daralması və ya tıxanması);
  • Daxili orqanlar, eləcə də qaraciyər və böyrək arteriyalarının zədələnməsinə səbəb olan xəstəliklər;
  • Anevrizmalar;
  • Arterial tromboz və emboliya;
  • Yuxarı və aşağı ətrafların dərin venalarının trombozu və səthi venalarının tromboflebiti;
  • Ağciyər arteriyasının tromboemboliyası;
  • Ürəyin işemik xəstəliyi;
  • Damarın xaricdən sıxılması (kompressiya);
  • Damar travması və nəticələri;
  • İcra edilən cərrahi müdaxiləyə nəzarət;

Angioqrafiyanın əsas diaqnostik məqsədi xəstəliyin cərrahi müalicə imkanlarının qiymətləndirilməsi, eləcə də, planlaşdırılan əməliyyatın həcminin müəyyən edilməsidir. Bəzi hallarda elə diaqnostik əməliyyatın özünün gedişindəcə, məsələn, aşağı ətraflar damarlarının angioqrafiyası aparılarkən, həkim həm də damarda cərrahi müdaxilələr apara bilər.