İntervension radiologiya. Ümumi hissə

İntervension radiologiya özündə diaqnostika və müalicəni uyğunlaşdıran radiologiyanın müasir, sürətlə inkişaf edən istiqamətidir. Həkim-intervension radioloq radioloji diaqnostika metodlarının tətbiqindən sonra çox nazik iynələr, elastik kateterlər və rentgen-kompyuter avadanlığından müalicə üçün istifadə edir. Burada ümumi narkoz tətbiq olunmur, qan köçürülmür, toxumalar kəsilmir və tikilmir. İntervensionist-rentgen cərrahlar skalpelə müraciət etmədən ən mürəkkəb rentgen cərrahi əməliyyatları icra edirlər.

 İlk intervension radiologiya üsulları kardiologiyada istifadə edilmişdir. Bu, yeni kontrast maddələr və əməliyyat aparmağa icazə verən kiçik kateter yaradıldıqdan sonra mümkün olmuşdu. 

 Şüa diaqnostikasında intervension radiologiya metodları damar, toxuma, sümük və insan orqanizminin istənilən orqanındakı zədələnmələrin xarakteri, forması, növü, ocağı və həcmini müəyyən etməyə imkan verir. Problemli zonanın real şəkildə görülməsi və ona dair dəqiq məlumatların əldə edilməsi zamanı “əməliyyatsız əməliyyat” aparmaq daha da asan olur: rentgen nəzarəti altında tac arteriyaların stentləşdirilməsi, ürək qapaqlarının dəyişdirilməsi, protezləşdirmə, trombların kənarlaşdırılması, öd yollarının drenajlanması, damardaxili müdaxilələr, müxtəlif punksiyalar, embolizasiya, okklüziyalar, anevrizmaların kliplənməsi və sair effektiv rentgenoendovaskulyar müalicə növlərinə misaldır.

İntervension radiologiya aşağıdakılara imkan verir:

  • İnoperabel nahiyələrin (beyin, gözlər, onurğa sütunu və s.) protezləşdirilməsi;
  • Şişi qidalandıran arteriyaların tapılması və məhv edilməsi;
  • Anevrizmalar, qapı venası, uşaqlıq arteriyaları, mədə-bağırsaq və digər qanaxmalar zamanı qan damarlarının blokadası – orqanizmin orqan və toxumalarının qan təchizatının dayandırılması (embolizasiya);
  • Cərrahi fəsadlaşmaların aradan qaldırılması;
  • Patoloji ocaqların aşkar edilməsi və oraya dərman vasitələrinin və s. yeridilməsi.

 

İntervension radiologiya kardiologiya, urologiya, ortopediya, endokrinologiya, ginekologiya və s. sahələrdə istifadə edilir. Bu sahə tibbin nefrologiya, hematologiya və onkologiya kimi sahələri ilə sıx əlaqədə fəaliyyət göstərməkdədir.

Radioloqlar ürək-damar sistemi xəstəliklərinin diaqnostika və müalicəsi üçün arterial və venoz damarların kateterizasiyasını həyata keçirirlər:

  • İnsan orqanizminin istənilən orqanına giriş əldə etmək üçün hədəf olaraq damarların istifadəsi zamanı onların kateterizasiyası;
  • Öd yollarının kateterizasiyası;
  • Orqanlarda biopsiya üçün onlara iynələrin yerləşdirilməsi;
  • Dializ, kimya terapiyası, antibiotik və venadaxili qidalandırıcı preparatların yeridilməsi üçün müxtəlif kateterlərin yerləşdirilməsi;
  • Qaraciyər damarlarının vizualizasiyası. Yumşaq toxumaların vizualizasiyası patoloji törəmələrin aşkar edilmə ehtimalını yüksəldir;
  • Damardaxili filtrlərin yerləşdirilməsi;
  • Yad cisimlərin və s. çıxarılması.

Az invaziv qansız əməliyyatlar özündən sonra çapıq saxlamır, anatomik strukturların tamlığını pozmur, demək olar ki, fəsadsız və ağrısız keçir, ən əsası isə xəstələrdə ən qısa müddətdə reabilitasiya gedir. İntervension radiologiya minimal ağrısızlaşdırma ilə invaziv prosedurların aparılması istiqamətində ixtisaslaşır ki, bu da ağırlaşmaları azaldır və əməliyyatların uğurlu keçmə şansını artırır.