USM

USM (ultrasonoqrafiya, sonoqrafiya) – ultrasəs müayinəsi sağlamlıq üçün zərərli şüalardan istifadə etmədən daxili orqanların təsvirinin alınması üçün qismən bahalı olmayan, cəld müayinə üsuludur. Hazırda USM-in köməyi ilə dölün bətndaxili inkişafını, hərəkətlərini, tənəffüsünü və s. sərbəst şəkildə izləmək mümkündür. USM, həmçinin daxili orqanlar – böyrəklər, qaraciyər, mədəaltı vəzi, ürək, qan damarları və s. orqanların qiymətləndirilməsi üçün geniş istifadə olunur.

 

 

Ultrasəs nəzarəti altında daxili orqanlarda biopsiya həyata keçirilir ki, bu da həmin toxumaları laboratoriya şəraitində (məsələn, xərçəng hüceyrələrinə görə yoxlanma) müayinə etməyə imkan verir.

 

Damarların ultrasəs doppleroqrafiyası – damarlarda qan cərəyanının real zamanda qrafik, səsli və miqdari göstəriciləri şəklində olmaqla, qan axınının müayinə metodudur. Müayinə prosesində xəstə uzanmış vəziyyətdə olur, həkim datçikin köməyi ilə müayinə edilən damarların proyeksiyasına uyğun gələn kontrol nöqtələrdə müayinə aparır. Müayinə istər iri, istərsə də xırda kalibrli damarlar üçün eyni dərəcədə informativdir. Həm arterial, həm də venoz sistem müayinə oluna bilir. Müayinənin nəticəsində damarlarda qan cərəyanının həmcinsliyi, yaxud da aterosklerotik düyün, tromb və ya iltihab hesabına damar mənfəzinin daralma və ya tıxanması nəticəsində qan dövranındakı dəyişikliklərin xarakteri haqda çıxarış verilir. Qan dövranının kompensator imkanları, damarların  quruluş və ya yerləşmə anomaliyaları – qıvrımlar, əyilmələr və anevrizmlər, arterial spazmanın olub-olmaması və ağırlıq dərəcəsi, arteriyaların çapıq toxuması, spazmalı əzələ və ya fəqərələr (fəqərə arteriyaları) tərəfindən xaricdən sıxılması qiymətləndirilir.  Müayinənin vacib komponentinə venoz qan dövranının vəziyyətinin – kəllə boşluğundan qanın xaric olmasının çətinləşməsi, aşağı ətrafların dərin venalarının keçiriciliyi və ətraf venaların klapanlarının vəziyyətinin qiymətləndirilməsi daxildir. Üsulun universallığı sayəsində aşağıdakı orqan və sistemlərin damarları müayinə edilə bilər: başın daxilində yerləşən damarlar da daxil olmaqla, baş və boyun damarları, göz damarları, yuxarı və aşağı ətraf damarları. Baş, əl və ayaq ağrılarından və təzyiqin yüksəlməsindən şikayət edən xəstələrdə, insult və ya digər damar pozğunluqlarına şübhə olduqda bu müayinənin aparılması göstərişdir. Müayinə müddəti 30-60 dəqiqədir.

 

Hamiləlik zamanı USM

Ultrasəs müayinəsi hamilə qadının kompleks müayinəsinin ən vacib mərhələsidir və mübaliğəsiz demək olar ki, körpənin sağlamlığı və deməli, ananın özünün də xoşbəxtliyi yüksək standartlara cavab verən texnikanın köməyi ilə aparılan müayinənin keyfiyyət və dəqiqliyindən asılıdır, çünki mümkün problemlərin vaxtında aşkar edilməsi onların vaxtında aradan qaldırılması üçün çox vacib məqamdır. Hamiləliyin müxtəlif dövrlərində USM müayinəsinin özünəməxsus məqsədləri olur ki, bunlar da bilavasitə embrionun fizioloji inkişafı ilə əlaqədardır.

İlk USM müayinəsinin hamiləliyin 10-12 həftəsində aparılması tövsiyə olunur. Bu mərhələdə hamiləlik faktı təsdiqlənir, onun müddəti, embrionun birləşmə nöqtəsi və embrion sayı müəyyən edilir, həmçinin bu zaman dölün kobud inkişaf qüsurlarını, eləcə də, ciftin formalaşmasını görmək mümkündür. Rəngli 4D təsvirli USM cihazları sırasında energetik doppler, impuls doppleri, toxuma doppleri və statistik daimi doppleri qeyd etmək olar ki, bunlar da müxtəlif səviyyələrdə uşaqlıq, cift və dölün qan dövranını maksimal dəqiqliklə izləməyə, eləcə də, hamiləliyin inkişafı boyunca patologiyaların formalaşmasını müəyyən etməyə imkan verir. Belə ki, üçölçülü anatomik skanerləmə diaqnostika baxımından optimal nəticələr verir. Ona görə də, hamiləliyin aparılması üçün tibb mərkəzi seçərkən, qabaqcadan bu mərkəzdə hansı USM aparatının olması ilə maraqlanın.

Biz, öz xəstələrimizə son nəsil cihazlardan olan, 4D təsvirə malik “Philips IU-22” cihazı vasitəsilə ultrasəs müayinəsi təklif edirik.

İkiölçülü USM-lə müqayisədə 3D və 4D diaqnostikanın üstünlükləri:

  • Üçölçülü USM-in köməyi ilə gələcək ana öz körpəsinin fotoşəklə yaxın təsvirini görə və onun real zamanda hərəkətinin videoyazısını əldə edə bilir, hamiləliyi aparan həkim isə patologiyanın tam kompleksinin mükəmməl təsvirini əldə edir.
  • Dölün bətndaxili inkişaf anomaliyalarının ideal identifikasiya vasitəsidir. Üçölçülü ultrasəs sayəsində həkimlər dölün bədəninin eyni zamanda üç proyeksiyada müxtəlif hissələrini müayinə edə bilir ki, bu da dölün bətndaxili inkişaf anomaliyalarının müəyyən edilməsi üçün çox vacibdir.
  • USM məlumatlarının rəqəmli foto şəklində, eləcə də 3D rejimində CD və ya DVD-yə yazılması mümkündür.

 

Üçölçülü ultrasəs təsvirinin alınması körpə doğulanadək valideynlərə təkcə onun rəqəmli fotoşəkillərini deyil, həm də, baş rolda hələ doğulmamış körpənin olduğu, diskə yazılmış tam bir videofilmi əldə etməyə imkan verir. Ailə xronikanızı üçölçülü USM-lə başlayın!

Ultrasəs müayinəsi təhlükəsiz və etibarlı üsuldur. Son elmi məlumatlar onu söyləməyə əsas verir ki, 3D və 4D USM kimi yeni tibbi texnologiyalar hətta tez-tez istifadə edildikdə belə orqanizmə ən kiçik bir zərər belə yetirmir.