Kompyuter tomoqrafiyası 256 kəsikli

Kompyuter tomoqrafiyası adi rentgen müayinəsi ilə müqayisədə dəfələrlə informativ olan şüa diaqnostikası metodudur. Bizim mərkəzimiz müasir çoxspirallı kompyuter tomoqraf olan və tibbi avadanlıqlar bazarında lider hesab edilən “Philips Brilliance iCT 256 Slices” texnikası ilə təchiz olunmuşdur. Bu avadanlıq minimal zaman kəsimində çox yüksək keyfiyyətli təsvirlər almağa imkan verir və uşaqlar, ahıl yaşlı şəxslər və travmalı xəstələrin müayinəsi zamanı istifadəsi rahatdır.

Sizi xüsusi masaya yerləşdirirlər. Masanın hərəkəti zamanı müayinə olunan nahiyənin skanerlənməsi həyata keçirilir. Bütün bədənin skanerlənməsi 1 dəqiqədən az vaxt tələb edir. Müasir proqram təminatı orqanizmin orqan sistemlərinin üçölçülü təsvirlərini almağa imkan verir. Sizə xüsusi printerdə çap olunmuş, vərdiş etdiyiniz görüntülü müayinə nəticələri təqdim olunur. Müayinə zamanı Sizə kontrast maddənin yeridilməsi təklif oluna bilər. Kontrast gücləndirmə metodikası aşkar edilmiş dəyişikliklərin adi müayinə zamanı mümkün olmayan xarakterini müəyyən etmək və fərqləndirmək üçün əlverişlidir.

KT angioqrafiya orqanizmin damarlarının çoxspirallı kompyuter tomoqrafı vasitəsilə və rentgen-kontrast maddənin venadaxili bolus yeridilməsi üsulu ilə (təzyiqlə vurulan elektron şpris) müayinə metodudur. Klassik angioqrafiyadan fərqli olaraq, müayinə demək olar ki, qeyri-invazivdir, belə ki, kontrast maddənin vurulması üçün yerləşdirilən venadaxili kateterdən başqa heç bir manipulyasiya tələb olunmur. Müayinə qısa müddət ərzində aparılır, əldə edilən məlumat ümumilikdə damar sisteminin və damar divarlarının vəziyyətini qiymətləndirməyə, onların xüsusiyyətlərini və ya inkişaf qüsurlarını aşkar etməyə imkan verir.

Yod tərkibli kontrast maddələrin venadaxili yeridilməsinə dair əks-göstərişlər:

  • Qan zərdabında kreatininin miqdarının artması;
  • Anamnezdə yod tərkibli preparatlara qarşı ağır allergik reaksiyaların olması;
  • Ağır gedişli bronxial astma;
  • Hipertireoz;
  • Yaxın zamanda radioaktiv yodla müalicənin planlaşdırılması.

Müalicə məqsədilə KT punksiya, biopsiya, dərman yeridilməsi və müalicə nəticələrinə nəzarət edilməsi üçün istifadə olunur.