Maqnit rezonans angioqrafiya

Damar təsvirlərinin alınması MRT-nin yeni tətbiq sahələrindən biridir. MR-angioqrafiya orqanizmimizin bütün arteriya və venalarının vəziyyətini qiymətləndirmək üçün təhlükəsiz üsuldur. Klassik angioqrafiyadan fərqli olaraq, bu prosedurda arteriyaya kateter yeridilməsinə ehtiyac yoxdur.

MR-angioqrafiyanın köməyi ilə aşağıdakıları aşkar etmək olar:

  • Anevrizmlər və patoloji qovuşmalar;
  • Damar stenozu və okkluziyaları;
  • Damar malformasiyaları;
  • Aterosklerotik dəyişikliklər.

İonlaşdırıcı şüalanma və xəstə üzərində şüa yüklənməsinin olmadığını nəzərə alaraq, maqnit-rezonans tomoqrafı ilə aparılan angioqrafiyanı qətiyyətlə damar patologiyalarının damar mənfəzinin tez bir zamanda təsvirini almağa, eləcə də əldə edilmiş təsvirlərin 3D formatında rekonstruksiyası vasitəsilə damar strukturlarının fəzada yerləşməsi və qarşılıqlı əlaqəsini dəyərləndirməyə imkan verən təhlükəsiz qeyri-invaziv skrininq üsulu hesab etmək olar. Kontrast maddənin tətbiqi ilə maqnit-rezonans tomoqrafında damarların müayinəsi yüksək informativlikli və təhlükəsiz üsul olub, damar sisteminin anatomik və funksional xüsusiyyətlərini öyrənməyə, beləliklə də, vaxtında müvafiq müalicəni təyin etməyə və xəstəliyin gedişini yaxşılaşdırmağa imkan verir. Angioqrafiya məlumatları əsasında damarlar üzərində stentləşdirmə və angioplastika kimi cərrahi müdaxilələrin planlaşdırılması mümkündür.