MRT 3Tesla (maqnit-rezonans tomoqrafiya)

Maqnit-rezonans tomoqrafiya (MRT) ionlaşdırıcı şüalanma ilə əlaqəsi olmayan mürəkkəb, lakin təhlükəsiz və effektli diaqnostika üsuludur. Bu üsulun vasitəsilə baş və onurğa beyni, fəqərə sütunu, kiçik çanaq, böyrəklər, böyrəküstü vəzilər, diz oynaqları və yumşaq toxumaların müxtəlif patoloji prosesləri aşkar edilir.

Müayinəyə göstərişlər:

MRT sirinqomieliya kimi demielinləşdirici xəstəliklərə şübhə olduqda, arxa kəllə çuxurunda patoloji proseslər, eləcə də, fəqərəarası disk yırtıqlarının aşkar edilməsi üçün fəqərəarası degenerativ proseslər, onurğa beyninin xəstəlik və travmaları, diz oynaqlarının travmatik və degenerativ dəyişikliklərinin aşkar edilməsi üçün istifadə olunur, həmçinin hipofizin mikroadenomasının diaqnostikasında əvəzolunmaz rola malikdir.

Əks-göstərişlər:

Xəstədə süni ürək ritmi aparıcısının, ürək qapaqlarında protezlərin, süni oynaqların, millərin və metal qəlpələrin olması.

Bədəninizdə metal oynaq protezi, süni ürək klapanı, yerləşdirilmiş elektron cihazlar, orta qulağın elektron implantları və ya diş implantları varsa, bu barədə həkimə mütləq məlumat verin. Orqanizmdə metalın olması Sizin üçün riskli ola və ya MRT çəkilişinə təsir göstərə bilər.

Klinikamızın üstünlüyü burada “Philips Achieva” 3 T MRT cihazının olmasıdır ki, bu da müayinə zamanı aşağıdakı hallarda üstünlüklərə malikdir:

  1. Yüksək informativlik və əldə edilən rəsmin mükəmməl keyfiyyətə malik olması tələb olunduqda;
  2. Onkologiyada şişin yayılma səviyyəsinin, metastazların mövcudluğunun, cərrahi müalicə taktikasının müəyyənləşdirilməsi üçün;
  3. Kardiologiyada istər arterial, istərsə də venoz mənşəli damar patologiyalarının diaqnostikası üçün. Damarların 3D rekonstruksiyasının mümkünlüyü maraq kəsb edən nahiyənin hər tərəfdən müayinə edilməsinə imkan yaradır;
  4. Oynaq patologiyaları zamanı oynaqdaxili prosesin yüksək dəqiqliklə vizualizasiyası, oynaqlar ətrafında patoloji dəyişikliklərin, oynaqdaxili və oynaqdankənar (bağlar, vətərlər, menisklər və s.) zədələnmələrin və yumşaq toxumaların vəziyyətinin müəyyən edilməsi üçün;
  5. Baş beyin xəstəlikləri zamanı hemodinamik dəyişikliklərin erkən mərhələlərdə izlənməsi və insultun diaqnostikası üçün;
  6. Onurğa xəstəlikləri zamanı sinir ucları, fəqərəarası disklər, boyun damarları, fəqərə arteriya və venalarının və s. patologiyalarının aşkar edilməsi üçün;
  7. Əməliyyatın nəticəsinin qiymətləndirilməsi üçün süd vəzilərinin MRT-si aparılır. Həmçinin, implant yerləşdirilməsi zamanı süd vəzi toxumasının vəziyyətinin qiymətləndirilməsində də MRT göstərişdir.
  8. Artıq çəkisi olan və məhdud imkanlara malik xəstələrdə müayinələrin aparılması. Adi tomoqraflarda müayinəyə götürülən xəstənin çəkisi 90 kq-dək təşkil edir. Yüksək sahəli cihazlarda masanın yük qaldırma imkanı 200 kq-a qədərdir. Həmçinin, yüksək siqnal/səs-küy nisbəti xəstənin çəkisi 100 kq-ı aşdıqda belə keyfiyyətli şəkil alınmasını təmin edir;
  9. Sistemin aperturunda daha geniş boşluq və müayinə müddətinin daha az olması klautrofobiyası olan xəstələrin də müayinə edilməsinə imkan verir.

Skanerləmə müddəti qarşıya qoyulmuş məqsədlərdən və maqnit-rezonans tomoqrafın parametrlərindən asılıdır və orta hesabla 2-7 dəqiqədən (başın maqnit-rezonans tomoqrafiyası üçün) 60 dəqiqəyə qədər təşkil edir. Nəticə etibarilə, displeydə müayinə edilən toxumanın kəsikləri görünür. Maqnit-rezonans tomoqrafiya metodu əvvəlcə ekranda, daha sonra isə rentgen lövhə üzərində kəllə və baş beyin, onurğa sütunu və onurğa beyninin vizualizasiyasına imkan verir. Məlumatlarda beynin boz və ağ maddələrini ayırd etmək, mədəciklər sistemi və subaraxnoidal boşluğun vəziyyətini qiymətləndirmək, bir çox patologiyaları, məsələn, beynin həcmli prosesləri, demielinizasiya zonaları, iltihab ocaqları və ödemlər, hidrosefaliya, travmatik zədələr, hematomalar, abseslər, beyin qan dövranının işemik və hemorragik tipdə pozulma ocaqlarını müəyyən etmək mümkündür. Yeri gəlmişkən, beyində işemik ocaqlar insultdan artıq 2-4 saat hipodensiv formada aşkar edilə bilər.

Maqnit-rezonans tomoqrafiyasında (MRT) beynin işemik zədə ocaqlarını kompyuter tomoqrafiyası (KT) ilə müqayisədə daha tez müəyyən etmək mümkündür. Bu zaman onlar beyin kötüyü, beyincik və gicgah paylarında aşkar edilə bilir. MRT-də kontuziya ocaqları, beyin absesləri və beyin toxumasının ödem zonaları yaxşı görünür.

Maqnit-rezonans tomoqrafiyası (MRT) zamanı xəstə ionlaşdırıcı şüalanmaya məruz qalmır.