Neyrocərrahiyyə

Müasir neyrocərrahiyyə sinir sisteminin kifayət qədər geniş spektrli, cərrahi və qeyri-cərrahi müalicə problemləri ilə məşğul olur. Buraya baş və onurğa beyninin şişləri, mərkəzi sinir sistemi və periferik sinirlərin travmaları, sinir sistemi infeksiyaları və onun inkişaf qüsurlarının müalicəsi aiddir. Bugünkü gündə aktual problemlərdən biri də osteoxondroz və onurğa yırtıqlarıdır. Hazırda fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsi kəsik aparmadan, punksiya etməklə minimal invaziv əməliyyatlar aparmağa imkan verən endoskopik texnikanın yardımı ilə həyata keçirilir.

Neyrocərrahiyyənin eyni dərəcədə əhəmiyyətli şaxələrindən biri də insultların aid edildiyi baş beyin qan dövranının pozğunluqlarının müalicəsidir. RDM-in neyrocərrahları həkim-radioloqlarla birlikdə serebral angioqrafiya aparır və bunun köməyi ilə beyin damarlarının daralma və ya tıxanma nöqtələri vizualizasiya edilir, patoloji genişlənmələr – anevrizmalar (qəfil partlama və beləliklə, beyindaxili qanaxma riskinə malik olduqlarına görə çox təhlükəlidirlər) və baş beyin şişləri aşkar olunur. Serebral angioqrafiyanın aparılma metodikası digər angioqrafiya metodikaları ilə oxşardır. Bu üsulun özünəməxsus xüsusiyyəti bud venasından damar məcrasına daxil edilmiş kateterin yuxu arteriyasına doğru istiqamətləndirilməsindədir. Damara kontrast maddə yeridildikdən sonra seriyaşəkilli rentgen təsvirlər çəkilir. Daha sonra, kontrast maddə bütün toxumalardan keçdikdən sonra venoz qanın baş beyindən xaric olmasını qiymətləndirmək üçün təkrar rentgen təsvirləri seriyası çəkilir. Serebral angioqrafiya üsulu öz informativliyi baxımından kompyuter tomoqrafiyası və maqnit rezonans angioqrafiyasını (MRA) geridə buraxır. Bundan əlavə, serebral angioqrafiyanın icrası zamanı cərrahi müdaxilələrin aparılması mümkün olduğuna görə, o, yuxarıda adları çəkilən metodlardan daha üstündür. Məsələn, anevrizma aşkar edildikdə, ona xüsusi metal “möhür” qoyulur, bundan sonra anevrizma ətrafında birləşdirici toxuma inkişaf edir və beləliklə, anevrizmanın qapanması baş verir.

Müasir texnologiyalarla təchiz edilmiş “smart” cərrahiyyə otağı (LED işıqlar, rahat və müasir əməliyyat masası Maquet, C-qövslü Philips BV Libra, divarlarda xüsusi antibakterial örtük) ən mürəkkəb açıq neyrocərrahi əməliyyatları həyata keçirməyə imkan verir.

Damar cərrahiyyəsinin inkişafının müasir istiqamətləri beyin qan dövranının pozğunluqlarının rekonstruktiv cərrahiyyəsində müəyyən uğurlar əldə etməyə imkan vermişdir. Bunlara karotid endarterektomiya (bu zaman yuxu arteriyasının içərisindən ateromatoz düyün çıxarılır), ekstra-intrakranial anastomozların qoyulması (baş beynin əlavə qan təchizatı mənbəyi ilə təmin edilməsi), eləcə də balon angioplastikası və müvafiq damarların stentləşdirilməsi aiddir.

Neyrocərrahın konsultasiyasına +99412 5309029 nömrəli telefon vasitəsilə yazıla bilərsiniz, klinikanın yerləşmə yerini isə Əlaqə bölməsindən öyrənə bilərsiniz.