Kolonoskopiya

Bağırsaq pozğunluqlarından şikayət edən xəstələrin müayinəsi zamanı həkim-proktoloq tərəfindən tez-tez təyin edilən kolonoskopiya bu şikayətlərin həqiqi səbəbinin araşdırılmasında əvəzsiz rola malikdir. Bir çox bağırsaq pozğunluqlarının simptomları bir-birinə çox bənzədiyinə görə onların diferensial diaqnostikası da kifayət qədər mürəkkəbdir. Eyni zamanda düzgün diaqnostika bu xəstəliklərin uğurlu müalicəsinin vacib şərtidir.

Kolonoskopiya həkimə bağırsaqların daxili divarlarını vizual olaraq müayinə etmək və düzgün diaqnoz qoymaq imkanı verir.

Müasir kolonoskopların başcığında, həmçinin kolonoskopiyanın gedişində toxuma nümunələrinin götürülməsini (biopsiya) mümkün edən maşa vardır. Həmçinin müasir avadanlıq bağırsaqların mənfəzinin fotoşəkillərini çəkməyə imkan verir.

Kolonoskopiyaya hazırlıq

Hazırlığa prosedur aparılmazdan qabaq müəyyən müddət ərzində qida qəbulunun məhdudlaşdırılması, eləcə də bağırsaqların nəcis kütlələrindən təmizlənməsi daxildir. Prosedurdan qabaq yalnız duru qidalar qəbul etmək, eləcə də, imalə etmək və ya bağırsaqların tam təmizlənməsini təmin edən xüsusi preparat qəbul etmək olar.

Ümumi anesteziya ilə kolonoskopiya

Kolonoskopiya anesteziyasız icra oluna bilər. Lakin, bağırsaq boşluğuna hava daxil olması hesabına xəstədə baş verə biləcək hətta minimal diskomfort və ya ağrı hissiyyatının aradan qaldırılması məqsədilə, kolonoskopiya proseduru narkoz altında icra edilir. Həkim anestezioloq qeyri-narkotik preparatların vasitəsilə xəstədə medikamentoz yuxu yaradır.

Hazırkı müayinə üsulunun istifadəsinə olan göstəriş və ya əks-göstərişlər qastroenteroloq və ya həkim-endoskopist tərəfindən təyin edilir.

Kolonoskopiyaya göstərişlərə aiddir:

  • Defekasiya zamanı qan və ya seliyin xaric olması;
  • Xroniki ishal sindromu;
  • Xroniki qəbizliklər;
  • Rektomanoskopiya zamanı aşkar edilmiş poliplər;
  • Nəcisdə pozğunluqlarla müşayiət olunan abdominal ağrılar;
  • Defekasiyanın pozulması və arıqlama zamanı yenitörəmənin mövcudluğuna şübhə;
  • Nəcisdə pozğunluqlar zamanı səbəbsiz anemiya;
  • Yoğun bağırsağın divertikulyozu;
  • Xoralı kolit və Kron xəstəliyi;
  • Bağırsaq fistulaları;
  • Histoloji müayinə üçün material götürülməsi (biopsiya).

 Müayinənin davametmə müddəti əksərən yoğun bağırsağın anatomik xüsusiyyətləri – fizioloji qıvrılma nöqtələrində fiksasiyanın olması, bitişmələr, eləcə də prosedur zamanı xəstənin davranışı ilə müəyyən edilir.