Qastroskopiya

Qastroskopiya (fibroezofaqoqastroskopiya) qida borusu, mədə və onikibarmaq bağırsağa yeridilən elastik endoskop vasitəsilə müayinə üsuludur.

 

Göstərişlər:

 

  1. Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin (iltihab, eroziyalar, xoralar, divertikullar, poliplər, yenitörəmələr) təsdiqlənməsi və ya inkarı;
  2. Aşkar edilmiş dəyişikliklərin verifikasiyası üçün biopsiyanın aparılması;
  3. Mədə qanaxmalarının mənbəyinin aşkar edilməsi;
  4. Müalicə prosedurlarının aparılması;
  5. Aparılan müalicənin effektivliyinə dinamik nəzarət.

Müayinəyə hazırlıq

Müayinəni günün birinci yarısında aparmaq tövsiyə olunur və bu zaman xəstə acqarına olmalıdır.

Günün ikinci yarısında müayinə aparıldıqda, son qida qəbulu müayinədən 7 saat əvvələ təsadüf etməlidir.

Müayinədən əvvəl az miqdarda sadə, qazsız su qəbul etmək olar.

Müayinədən əvvəlki 2 saat ərzində siqaret çəkilməməlidir.

Endoskop (fibroendoskop) ucunda obyektiv yerləşən uzun, elastik bir borudan ibarətdir. Müasir endoskoplar aparılan müayinənin təsvirin böyüdülməsilə monitorda izlənməsinə imkan verən videokamera ilə təchiz olunmuşdur. Endoskopu idarə edərkən həkim həzm traktının yuxarı şöbələrinin daxili səthini ehtiyatla müayinə etmək üçün təhlükəsiz şəkildə (gözlə nəzarət etməklə) aləti buraya daxil edə bilir.

 

Qastroskopiyanın davametmə müddəti 5-20 dəq-dir. Prosedurdan əvvəl diskomfort və qorxu hissini aradan qaldırmaq üçün müayinə anestezioloqun iştirakı ilə, qısa medikamentoz yuxu altında aparılır.

 

Ezofaqoqastroduodenoskopiya zamanı bir sıra müalicəvi-diaqnostik manipulyasiyaların – biopsiya, poliplərin xaric edilməsi, yad cisimlərin çıxarılması, qanaxmanın dayandırılması və selikli qişanın xora defektlərinin yerli müalicəsinin aparılması zərurəti yarana bilər. Bu manipulyasiyaların aparılması xəstə üçün tamamilə ağrısızdır.