Qastroenterologiya. Ümumi hissə

RDM qida borusu, mədə, onikibarmaq bağırsaq, mədəaltı vəzi, qaraciyər, ödçıxarıcı yollar və bağırsaqların nisbətən geniş yayılmış xəstəliklərinin vaxtında diaqnostika və müalicəsinə imkan verən yaxşı instrumental-laborator bazaya malikdir.

Endoskopiya və rentgen

Endoskopik və rentgenoloji müayinələr mədə-bağırsaq xəstəliklərinin bir-birini tamamlayan iki əsas diaqnostika metodudur. Mədə və qida borusunun müayinələrində ezofaqoqastroskopiyanın rolu şübhəsiz birinci dərəcəli olduğu halda, qəbizliklər və defekasiyanın digər pozğunluqları zamanı irriqoskopiyanın müxtəlif modifikasiyalarının istifadəsi ön plana keçir. Klinika Philips markalı, geniş imkanlara malik iki ədəd rəqəmli rentgen aparatı ilə təchiz olunmuşdur. Nazik bağırsaqda barium passajı ilə aparılan rentgen müayinəsi nazik bağırsağın çətin keçilən şöbələrindəki patologiyaların aşkarlanmasına imkan verir. RDM klinikası “Olymus” və “Storz” markalarından olan, videokamera ilə təchiz olunmuş, rəsmlərin disk və ya kasetlər vasitəsilə qeydə alındığı müasir endoskoplara malikdir ki, bunlar da kifayət qədər uzaq məsafədən konsultasiyanın aparılmasına imkan verir. Nəhayət, xəstəliyin təbii gedişinə dinamik nəzarət və aparılmış terapiya kursunun effektivliyinin müqayisəli təhlili problemləri aradan qaldırılır. Bundan əlavə, video-qastro və kolonoskopiya biopsiya icra etmək, xəstəlik prosesinin morfoloji identifikasiyasını aparmaq, eləcə də bir sıra müalicəvi manipulyasiyaları həyata keçirməyə (yad cisimlər və poliplərin çıxarılması, xoraların yerli müalicəsi, xüsusi ballonlar vasitəsilə qanaxmanın dayandırılması və s.) imkan verir. Qeyd edilən manipulyasiyalar istər ambulator, istərsə də stasionar şəraitdə icra oluna bilər.

Hazırda qastritlər və mədə və onikibarmaq bağırsağın xora patologiyalarının səbəbi kimi H.Pylori bakteriyalarına əhəmiyyət verildiyi üçün, antibakterial terapiyanın aparılmasının məqsədəuyğun olub-olmadığını qiymətləndirmək məqsədilə qastroskopiya zamanı material götürmək və qeyd edilən mikroorqanizmin müayinə materialında mövcud olub-olmadığını yoxlamaq mümkündür.

Endoskopun yeridilməsi zamanı diskomfortun yaranmasının qarşısını almaq məqsədilə RDM-də bu müayinələr qısamüddətli medikamentoz yuxunu təmin edən sedativ preparatlar vasitəsilə ümumi anesteziya altında aparılır. Bu hal diaqnostik proseduru bir qədər bahalı etsə də xəstələrimizin əksəriyyəti bu cür yardımı müsbət qiymətləndirirlər.

USM

Mədəaltı vəzi, qaraciyər və ödçıxarıcı yolların (öddaşı xəstəliyi və ya daşsız xolesistit, öd kisəsinin diskineziyası) xəstəliklərinin aşkarlanması zamanı sürətli və əvəzsiz hesab edilən ultrasəs müayinəsi (USM) tətbiq olunur. Klinikamız müasir USM cihazları ilə (Philips IU-22 / Philips IU-32) təchiz olunmuşdur. Rektal datçikin mövcud olması bir sıra proktoloji vəziyyətlərdə düz bağırsaq divarının vəziyyətinin qiymətləndirilməsi imkanlarını genişləndirir.

MRT

Müasir qastroenterologiya praktikada, xüsusilə də, pankreatitin fəsadlaşmaları, qaraciyərin ocaqlı zədələnmələri, divertikulit və qarın boşluğunda abseslər, eləcə də xəstəlik prosesinin yaxında yerləşən toxuma və orqanlara yayılmasının diaqnostikası üçün MRT (maqnit-rezonanslı tomoqraf) və KT-skanerlər (kompyuter tomoqrafiyası) fəal şəkildə tətbiq edilir. Azərbaycanda analoqu olmayan Philips Brilliance ICT 256 slices kompyuter tomoqrafı və Philips  Achieva 3,0Т MRT cihazı vasitəsilə klinikamızda belə müasir diaqnostika üsullarının tətbiqi imkanları mövcuddur.

Analizlər

Klinikamızda fəaliyyət göstərən laboratoriyada hepatit və pankreatitlərin təsdiqlənməsi üçün qanda və digər bioloji materiallarda fermentlərin miqdarının müəyyən edilməsi imkanları mövcuddur.

Laborator testlərin nəticələrinin praktikada istifadəsi (qastropanel) mədənin turşu əmələ gətirmə funksiyası və H. pylori-nin səviyyəsində dəyişikliklərin xarakteri barədə klinisistin təsəvvürlərini genişləndirir, eləcə də bədxassəli proses riskini proqnozlaşdırmağa imkan verir.

Müxtəlif qastroenteroloji patologiyalar zamanı müasir farmakoloji preparatların tətbiqi həzm orqanlarının xəstəlikləri ilə bağlı əksər simptomları etibarlı şəkildə aradan qaldırır.