Damarların şuntlanması

Şuntlama qan damarının daralmış hissəsində şuntun qoyulmasından ibarətdir. Nəticədə zədələnmiş damarda qan cərəyanı bərpa olunur. Normada, damarların daxili divarları hamar və rəvandır. Lakin, aterosklerozun inkişafı prosesində damarların divarında aterosklerotik ləkələr əmələ gəlir. Onlar damar mənfəzini daraldır və orqan və toxumaların qan təchizatını pozur. Zaman keçdikcə damarın mənfəzi tamamilə tutulur və qan cərəyanı dayanır. Bu, öz növbəsində nekrozla nəticələnir.

Adətən, şuntlama ürəyin koronar xəstəliyi zamanı tətbiq olunur ki, sonuncu da tac arteriyaların – ürəyi qidalandıran əsas damarların aterosklerozla zədələnməsi ilə xarakterizə olunur. Lakin, şuntlama periferik damarlarda da qan cərəyanının bərpası üçün istifadə edilir (məsələn, aşağı ətraf arteriyalarında).

Damar şuntlama əməliyyatına hazırlıq

Digər cərrahi əməliyyatlardan qabaq olduğu kimi, burada da cərrah xəstə ilə tam sorğu aparır, şikayətlər, onların meydana çıxma vaxtı, xarakteri, nə ilə əlaqəli olduğunu və s. müəyyən edir. Bundan sonra xəstəyə baxış keçirilir. Şuntlama əməliyyatına hazırlıq zamanı xüsusi müayinə metodları vacib rola sahibdir.

Bu üsullara aiddir:

  • Dupleks ultrasəs skanerləməsi qan damarlarının mənfəzinin vəziyyətinin, ləkə və tıxanmaların olub-olmamasının, eləcə də qan cərəyanının sürətinin vizualizasiyasına imkan verir.
  • Maqnit-rezonans angioqrafiya damarların mənfəzini qatlar şəklində görməni mümkün edir.
  • Angioqrafiya damarların rentgen-kontrast müayinə üsuludur. Damarların daralmasının xarakteri və tıxanma nöqtəsini görməyə imkan verir. Həmçinin, bu üsul müalicəvi manipulyasiyalarla kombinə edilir (аngioplastika).

Ürəklə əlaqədar xəstəliklər zamanı ürəyin ultrasəs müayinəsi, koronaroqrafiya (angioqrafiyanın bir növü) və s. müayinə üsulları tətbiq olunur.