Аortokoronar şuntlama

Şuntlama ürəyin işemik xəstəliyinin əlamətlərinin azaldılmasına yönəlmiş əməliyyatdır. Şuntlama üsulu (ing. shunt – yan keçmək) sağlam venanın bir hissəsinin köməyi ilə qan cərəyanı üçün alternativ yol yaradılmasından ibarətdir. Damar patologiyalarının hazırkı müalicə üsulu təkcə ürək cərrahiyyəsində deyil, həm də digər sahələrin damar cərrahiyyəsində də istifadə edilir.

Aortokoronar şuntlama əməliyyatı (AKŞ) şuntların köməyi ilə aortanın daralma hissəsindən yan keçilməsi vasitəsilə arteriyalarda qan cərəyanının bərpa olunmasına kömək edir.

Koronar şuntlama əməliyyatına göstərişlərə aiddir:

  • Ürəyin sol yarısının qan təchizatını təmin edən əsas damar olan sol tac arteriyasının zədələnməsi
  • Bütün tac arteriyaların zədələnməsi

Aortokoronar şuntlama əməliyyatının aparılmasından öncə, bütün digər kardiocərrahi əməliyyatlarda olduğu kimi, elektrokardioqrafiya, koronaroqrafiya və ürəyin USM müayinəsi kimi ixtisaslaşmış müayinə üsullarının tətbiqi də daxil olmaqla, xəstənin tam kompleks müayinəsi həyata keçirilir.

Hazırkı əməliyyat üçün şunt olaraq aşağı ətraf venalardan biri götürülür. Burada xüsusi qeyd etmək lazımdır ki, bu hal verilən aşağı ətrafda venoz qan axımında pisləşməyə səbəb olmur. Bundan əlavə, bu məqsədlə mil və ya daxili döş arteriyaları da istifadə edilir.

Əməliyyat yalnız ümumi anesteziya altında aparılır. Bir sıra hallarda aortokoronar şuntlama yuxarıda artıq qeyd edildiyi kimi döyünən ürək üzərində, süni qan dövranı cihazına müraciət etmədən aparıla bilər.

Aortokoronar şuntlama əməliyyatı orta hesabla 3-4 saat davam edir. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilir və huşu tam bərpa olunanadək – orta hesabla bir sutka burada qalır. Bundan sonra xəstə kardiocərrahi şöbənin palatasına keçirilir və 3-10 sutka stasionarda qalır.

Aortokoronar şuntlamanın mümkün fəsadlaşmaları:

  • Kəsik nahiyəsində infeksiya;
  • Dərin venaların trombozu;
  • Döş sümüyünün bitişməməsi və ya tam bitişməməsi;
  • Anesteziya ağırlaşmaları, məsələn, bədxassəli hipertermiya;
  • Təzyiqin azalması, şuntun mənfəzinin erkən tutulması və ya onun zədələnməsi nəticəsində miokard infarktı;
  • Təzyiqin azalması nəticəsində kəskin böyrək çatışmazlığı;
  • İnsult;
  • Şuntun daralması – bu xüsusilə venadan hazırlanmış şuntlara aiddir;
  • Keloid çapığın əmələ gəlməsi;
  • Kəsik nahiyəsində xroniki ağrı;
  • Qəbizlik, yaddaş itirilməsi və s. kimi əməliyyatsonrası ağırlaşmalar.

Təcrübəli mütəxəssis tərəfindən icra edilən koronar angioplastika çox vaxt aortokoronar şuntlama (AKŞ) kimi böyük cərrahi əməliyyatlardan qaçılmasına imkan verir.