Elektrokardioqrafiya

Ürək-damar sisteminin funksional diaqnostika metodları arasında ən geniş yayılanı elektrokardioqrafiyadır (EKQ). EKQ-nin köməyi ilə sinir-əzələ liflərinin oyanıcılığı və onlarda impulsun ötürülməsi kimi ürək funksiyaları, miokardda dəyişikliklərin və ürək şöbələrində hipertrofiyanın olub-olmaması, eləcə də ürək ritmi qiymətləndirilə bilər.

EKQ ürək-damar sisteminin əsas müayinə üsullarından olub, ürək əzələsinin oyanıcılıq və ötürücülüyü kimi funksiyalarının qiymətləndirilməsinə imkan verir. Xüsusi cihazın – elektrokardioqrafın köməyi ilə ürək ritmi və oyanıcılıq kimi funksiyaların vəziyyəti yoxlanılır, nəticədə isə, ürək çatışmazlığına səbəb olan müxtəlif aritmiya və blokadalar vaxtında diaqnostika edilir.

Kifayət qədər etibarlı və informativ müayinə həkimə ürək əzələsinin iltihab, nekroz (infarkt) və hipertrofiya ilə əlaqədar zədələnmə ocaqlarını aşkarlamağa kömək edir.

Elektrokardioqrafiya sadə və əlçatan üsul olub, xəstədə hələ klinik şikayətlər meydana çıxmazdan əvvəl ürək əzələsində baş verən dəyişiklikləri görmək və beləliklə, xəstəliyin erkən mərhələsində zəruri müalicəvi tədbirlər kompleksini tətbiq etməklə xəstəlik prosesinin geri dönməsinə şərait yaradır. Elektrokardioqrafiya mütləq profilaktik tədbir olub, kişilərdə 25, qadınlarda isə 30 yaşdan sonra ən az ildə bir dəfə aparılması tövsiyə olunur.

 

EKQ-nin profilaktik məqsədlərindən başqa aşağıdakılar zamanı da icrası zəruridir:

  • Ürəyin işemik xəstəliyi;
  • Hipertoniya;
  • Ürək nahiyəsində ağrılar;
  • Xroniki tonzillit;
  • Keçirilmiş kəskin tonzillitdən sonra;
  • Vegetativ damar distoniyası;
  • Böyrək xəstəlikləri;
  • Qalxanabənzər vəzinin xəstəlikləri;
  • Bel nahiyəsində ağrılar;
  • Ümumi anesteziyadan əvvəl mütləq;
  • Qarnın yuxarı şöbələrində ağrılar olduqda;