Kolposkopiya

Kolposkopiya uşaqlıq yolu və uşaqlıq boynunun selikli qişasının əlavə işıqlandırma və kolposkop vasitəsilə optik böyüdülmə şəraitində nəzərdən keçirilməsidir ki, bu da uşaqlıq yolu və uşaqlıq boynunun patoloji proseslərini aşkar və diferensiasiya etməyə, eləcə də, genital orqanların aşağı şöbəsinin xəstəliklərinin, həmçinin ektopiyaların dinamik gedişinə nəzarət etməyə imkan verir.

Kolposkopiyaya göstərişlər:

Kolposkopiya ginekoloqa müraciət edən hər bir qadında, müraciət səbəbindən (hamiləlik, xəstəlik, profilaktik müayinə) asılı olmayaraq aparılmalıdır. Bu müayinənin köməyi ilə uşaqlıq boynunda xərçəngönü epitelial dəyişikliklər və xərçəngin pre-invaziv mərhələlərinin diaqnostikasını aparmaq, xoşxassəli proseslər zamanı diaqnostik imkanları artırmaq, aparılan müalicə tədbirlərinin effektivliyini təhlil etmək və digər müalicəvi-diaqnostik tədbirlərin effektivliyinə nəzarət etmək mümkündür.

Kolposkopiyanın vəzifələri:

  • Uşaqlıq boynu və uşaqlıq yolunun epitelinin vəziyyətinin qiymətləndirilməsi;
  • Zədələnmə ocağının aşkar edilməsi;
  • Bədxassəli və xoşxassəli dəyişikliklərin bir-birindən diferensiasiya edilməsi;
  • Hədəfli şəkildə yaxma götürülməsi və biopsiya.

Müasir kolposkoplar videokameralarla təchiz edilmişdir ki, bunlar da mütəxəssis tərəfindən aparılan dinamik müşahidəni asanlaşdırır.