Histeroskopiya və histerosalpinqoqrafiya

Histeroskopiya və histerosalpinqoqrafiya

Histeroskopiya və histerosalpinqoqrafiya qadın reproduktiv sistemi orqanlarının – uşaqlıq və uşaqlıq borularının patologiyalarının diaqnostikasında vacib vasitələrdir. Bu metodlarda müxtəlif prinsiplərə istinad edilir.

Histeroskopiya endoskopik üsul olub, burada uşaqlığın daxili boşluğu xüsusi cihazın – histeroskopun vasitəsilə həkim-ginekoloq tərəfindən müayinə edilir. Histerosalpinqoqrafiya zamanı isə rentgen şüalarının insan orqanizminin toxumalarından keçmək və bu zaman zəifləyərək əks olunmaq qabiliyyətindən istifadə edilir. Müasir kompyuter diaqnostik avadanlığı siqnal dəyişikliklərini interpretasiya etmək və onları ekranda rəqəmli şəkillərə çevirmək imkanlarına malikdir.

 

Uşaqlığın histeroskopiyası

Uşaqlığın daxili səthində yerləşən selikli qişaların vəziyyətinin diaqnostikasında histeroskopiyanın dəyərini qiymətləndirmək çətindir. Belə ki, bu metod dəqiqdir, travmatik deyildir, o, təkcə operativ diaqnostikaya deyil, həm də mikrocərrahi müdaxilələrə -  formalaşmış bitişmələri parçalamaq, poliplər və ya yumurtahüceyrə qalıqlarını kənarlaşdırmaq və selikli qişadan bioptat götürməyə imkan verir. Histeroskopiyanın əhəmiyyətini müəyyən edən vacib faktorlardan biri də odur ki, prosedur bütünlüklə onu icra edən həkim-ginekoloqun vizual nəzarəti altında həyata keçirilir.

Histeroskopiya qeyri-narkotik preparatların köməyi ilə yerli ağrısızlaşdırma və ya ümumi narkoz altında (medikamentoz yuxu) həyata keçirilir.

Prosedurun aparılmasına göstərişlər həkim tərəfindən müəyyən olunur. Belə göstərişlərə misal olaraq uşaqlıq boşluğunda bədxassəli törəmələrin yaranmasına şübhə, uşaqlıq qanaxmaları və dölsüzlük ola bilər. Histeroskopiya, həmçinin xəstədə uşaqlıqdaxili kontraseptiv (spiral) yerləşdirilmiş olduqda da icra edilir.

Histeroskopiya hansı hallarda təyin edilir?

  • Qadının müxtəlif həyat dövrlərində menstrual siklin pozulması;
  • Submukoz miomatoz düyüncük;
  • Fəsadlaşmış doğuş və ya abortlardan sonra uşaqlıqdaxili sinexiyalar (bitişmələr);
  • Daxili endometrioz;
  • Uşaqlıqda mayalanmış yumurtahüceyrənin qalıqları;
  • Uşaqlıqda yad cismin olması;
  • Endometriumun polipləri;
  • Uşaqlıq polipləri;
  • Uşaqlıqdaxili kontraseptivin yerləşmə yerinin yoxlanması;
  • Menopauza zamanı uşaqlıq qanaxmaları;
  • Dölsüzlük;
  • Spontan uşaqsalmalar;
  • Diaqnostik qaşıntıların aparılması zamanı

 

Histerosalpinqoqrafiya

Uşaqlıq boşluğunun müayinəsi üçün istifadə edilən histeroskopiyadan fərqli olaraq, burada əsas müayinə obyekti uşaqlıq boruları olub, uşaqlığın özü isə bu zaman “yeri gəlmişkən” müayinə olunur.

Ümumiyyətlə, prosedurun aparılması üçün ən çox rast gəlinən göstərişlərdən biri dölsüzlükdür, çünki bu hal çox vaxt uşaqlıq borularının keçməməzliyi ilə əlaqədar olur. Lakin bəzən həkim-ginekoloq histerosalpinqoqrafiyanı digər göstərişlərlə əlaqədar da təyin edə bilər.

Prosedur demək olar ki, ağrısızdır. Aparılmasından əvvəl xəstəyə xüsusi kateter vasitəsilə rentgen kontrast maye (rentgen histerosalpinqoqrafiyası zamanı) və ya fizioloji məhlul (ultrasəs müayinəsi zamanı) yeridilir. Adətən, anesteziya tələb olunmur.

Özəl klinikamızda uşaqlıq və uşaqlıq borularının patologiyalarının diaqnostikası üçün ən müasir diaqnostik avadanlıqlardan istifadə edilir. Həkim-ginekoloqlarımız bu patologiyaların diaqnostikası və müalicəsi üzrə dərin nəzəri biliklər və uzunmüddətli təcrübəyə malikdirlər. Bütün bunlar problemlərin ən erkən mərhələdə aşkar edilməsini mümkün edir, lakin bunun üçün Sizin bu və ya digər xəstəliyə şübhə yarandıqda ən tez bir zamanda klinikamıza müraciət etməniz lazımdır. Axı zaman faktoru bəzən müalicənin müvəffəqiyyəti üçün birinci dərəcəli əhəmiyyətə malik olur!